Logo

Əlyazmalar İnstitutunun yaxından iştirakı ilə Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

25.02.2024 20:17 186 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “Azərbaycan bayrağı” adlı elmi-kütləvi tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamından irəli gələn tədbirdə Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Xanım Mehdixanlı “Məhəmməd Əmin Rəsulzadənin Bakıdan Ankaraya uzanan ömür yolu” mövzusunda məruzə edib. O, milli maraqların təntənəsi uğrunda yorulmadan mübarizə aparan böyük ictimai xadimin həyat və yaradıcılığından, şanlı ömür yolundan bəhs edib.

Tədbirdə, həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxanasının “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı kitab sərgisi də təqdim edilib. İnstitut Kitabxanasının müdiri Briliant Hacıyeva, baş kitabxanaçı Lalə Hüseynova və kitabxanaçı Firuzə Həmidova tərəfindən hazırlanan həmin sərgidə M.Ə.Rəsulzadənin fotosu, onun müəllifi olduğu, o cümlədən haqqında yazılan kitablar nümayiş olunub.

Sərgi məktəbin müəllim və şagird kollektivinin marağına səbəb olub.

Xəbər lenti