Logo

BDU-da “Sazlı-sözlü kəlağayı günləri” - FOTOLAR

23.02.2024 17:15 224 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Kəlağayı Muzeyi, İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə “Sazlı-sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı tədbirin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirildiyini qeyd edib. Onun sözlərinə görə, silsilə tədbirlər digər təhsil ocaqlarında da davam edəcək. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin gənc nəsil arasında təbliği, adət-ənənələrin yaşadılmasıdır. Vurğulanıb ki, milli dəyərlərin bir atributu kimi Azərbaycan kəlağayısı ölkədə və xaricdə geniş təbliğ olunur: “Bizim üçün çox əlamətdardır ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”.

Güllü Tomarlı Azərbaycan kəlağayısının tarixi, formaları, naxışları, bəzəkləri barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, onun təşəbbüsü və rəhbərliyi ilə 2022-ci ildə ölkəmizdə Kəlağayı Muzeyi yaradılıb: “Muzeydə müxtəlif dövrlərə aid kəlağayılar toplanıb. Eyni zamanda, muzeyin təşkilatçılığı ilə bölgələrdə ədəbi-bədii gecələr, konsert proqramları və maarifləndirici tədbirlər keçirilir, kitablar nəşr olunur”.

Sonra BDU-nun kafedra müdiri Knyaz Aslan, klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli, şair Səadət Buta, BDU-nun baş müəllimi Leyla Abasova və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda tələbələr arasında milli dəyərlərimizin təbliğinin əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.

Xəbər lenti