Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsindəki 26 nömrəli tam orta məktəbdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib.
Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, təlimdə FHN-in Qarabağ Regional Mərkəzi və Füzuli Rayon Yanğından Mühafizə Hissəsinin, rayon polis şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının şəxsi heyəti, rayon icra hakimiyyətinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, bu sahədə praktik vərdişlərin formalaşdırılmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan təlimin nəzəri mərhələsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarına dair məktəbin kollektivinə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Praktik mərhələdə isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, şərti zəlzələ zamanı təxliyə və ilkin tibbi yardımın göstərilməsi əməliyyatları həyata keçirilib.
Təlimdə məktəbin kollektivinə texnikaların, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə məlumat verilib.
Təlim prosesi uğurla başa çatıb.