Logo

İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilən anım tədbiri keçirilib

23.02.2024 14:00 177 baxış
IMG

Fevralın 23-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbiri İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev açaraq Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini söyləyib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. “Bunları nəzərə alaraq biz tarixən başımıza gətirilən belə faciələrdən nəticə çıxarmalıyıq, bu faciələrin gələcəkdə unudulmasına yol verməməliyik”, - deyə Şakir Alıyev qeyd edib.

Sonra çıxış edənlər - İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa, şöbə müdirləri, professorlar Tofiq Hüseynov, Tərbiz Əliyev və digərləri tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələrindən danışaraq Xocalı faciəsini bəşəriyyətin ən dəhşətli soyqırımlarından biri kimi qiymətləndiriblər.

Qeyd olunub ki, xalqımız baş verənləri heç vaxt unutmamalı, ondan nəticə çıxarmalıdır. Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Biz buna Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. İndi Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməli, iqtisadi qüdrətimizi artırmalı, ordumuzu gücləndirməliyik. Hazırda Qarabağda irimiqyaslı bərpa və yenidənqurma işləri gedir, tezliklə məskunlaşma daha böyük vüsət alacaq və biz öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.

Xəbər lenti