Logo

“Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar keçirilib

23.02.2024 12:42 241 baxış
IMG

AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Ədəbiyyatda və ictimai fikirdə Məhəmməd Əmin Rəsulzadə obrazı” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, seminarda Şəki Regional Elmi Mərkəzinin elmi katibi Vəfa Atayeva çıxış edərək tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu söyləyib. O, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edib.

Daha sonra Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri Təranə Abdullayeva “Azərbaycan ədəbiyyatşünaslığında Məhəmməd Əmin Rəsulzadə” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin müstəqil Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri ilə yanaşı, ədəbi yaradıcılığı da diqqətəlayiqdir. M.Ə.Rəsulzadə irsi yalnız siyasi düşüncədən ibarət deyil, o, ədəbiyyatşünaslığa da dəyərli töfhələr verib.

Təranə Abdullayeva bildirib ki, M.Ə.Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Əsrimizin Səyavuşu”, “Azərbaycan kültür gələnəkləri”, “Azərbaycan şairi Nizami” kimi monoqrafik tədqiqatları onun ədəbi-estetik və nəzəri görüşlərinin ifadəçisidir. Bu əsərlər xalqın milli oyanışı, kökə qayıdışı, ədəbiyyatın inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti