Logo

BDU-nun startap fəaliyyəti ilə məşğul olan tələbələri üçün yeni imkan

23.02.2024 12:23 190 baxış
IMG

İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə Türkiyənin aparıcı strateji innovasiya konsaltinq firması “Viveka” tərəfindən həyata keçirilən “Viveka Company Creation Program” layihəsinin 3-cü hissəsinə yalnız Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün start verilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, bu proqram sahibkarlıq arzusunu reallığa çevirməyə hazır olan, lakin haradan başlayacağını bilməyən tələbələr üçün unikal imkan yaradır. “Viveka Company Creation Program” layihəsi startaplarını yeni zirvələrə çatdırmaq istəyən tələbələrə lazım olan bilik, resurs və dəstək verir.

Proqrama qoşulacaq tələbələr “Viveka”nın təklif etdiyi model əsasında startap quruculuğunda texnoloji həllər, hüquq, maliyyə, marketinq və digər aspektləri özündə ehtiva edən nəzəri və praktiki biliklər əldə edəcəklər. “Viveka Company Creation Program” layihəsi mürəkkəb texniki bacarıqlara ehtiyac olmadan "Minimum Viable Product”ı inkişaf etdirməyə və təsdiqləməyə imkan verən "No-Code MVP" mərhələsinə çatmaqda tələbələrə kömək olacaq.

Sözügedən proqrama BDU-nun startap fəaliyyəti ilə məşğul olan tələbələri müraciət edə bilərlər.

Qeyd:

- Proqramda iştirak üçün ingilis dilində danışma və anlama bacarıqları vacibdir.

- Komandalar minimum 2 nəfərdən ibarət olmalıdır.

- Hər bir komandanın proqram təminatının hazırlanması, veb inkişafı və ya digər texnoloji sahələrdə güclü texniki bacarıqları olan ən azı bir üzvü olmalıdır.

Proqramda iştirak etmək istəyənlər fevralın 27-dək müraciət edə bilərlər.

Xatırladaq ki, bu layihə ötən ilə qədər ölkənin bütün universitetləri üçün nəzərdə tutulsa da, bu il yalnız BDU tələbələri üçün həyata keçiriləcək.

Xəbər lenti