Logo

Naxçıvanda Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

22.02.2024 23:14 222 baxış
IMG

Görkəmli yazıçı-publisist Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi münasibətilə ədibin Naxçıvan şəhərində yerləşən ev muzeyində tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva Mirzə Cəlilin zəngin yaradıcılığı ilə çoxəsrlik ədəbiyyatımıza və milli mətbuatımıza verdiyi töhfələrdən danışıb. Vurğulanıb ki, ədəbi məktəb formalaşdıran yazıçı ölkəmizdə dramaturgiyanın, teatrın, muzeyşünaslığın, ümumilikdə ictimai fikrin inkişafında əvəzsiz xidmətlər göstərib. 

Bildirib ki, Ulu Öndər Heydər Əliyev Cəlil Məmmədquluzadə şəxsiyyəti, onun azərbaycançılığa, milli birliyə səsləyən əsərləri barədə daim yüksək fikirlər səsləndirib, ədibin irsinin araşdırılıb geniş tədqiq olunmasına, xatirəsinin əbədiləşdirilməsinə diqqət göstərib. Bu ənənəni davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə yazıçının 140 və 150 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Ölkəmizin hər yerində, eləcə də doğulduğu Naxçıvan torpağındakı mədəniyyət ocaqlarında ədibin adı əbədiləşdirilib, əsərləri teatrların repertuarını bəzəyib. 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Ramiz Qasımov ədibin xalqımızın milli istiqlalı uğrunda, ana dilinin qorunması sahəsində xidmətlərindən danışıb. 

Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova yazıçının ədəbi irsinin qorunub saxlanılmasında, təbliğində muzeyin rolundan söhbət açıb. Mədəniyyət ocağının baş fond mühafizi-elmi işçisi Kəmalə Allahverdiyeva “Cəlil Məmmədquluzadə-155” başlıqlı sərgi ilə tədbir iştirakçılarını tanış edib.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorlarının ifasında ədibin hekayələri qiraət olunub.

Xəbər lenti