Cənubi Qafqazda, eləcə də Azərbaycanda aparılan arxeoloji araşdırmalar nəticəsində Son Eneolit dövrünə aid bir sıra yaşayış yerləri aşkar edilmişdir. Araşdırmalar göstərir ki, Azərbaycanda Son Eneolit mədəniyyətinin özünəməxsus xüsusiyyətlərə malik “Ovçulartəpə mədəniyyəti” və “Leylatəpə mədəniyyəti” formalaşmışdır. Bununla belə bir çox qafqazşünas alimlər Cənubi Qafqazın Son Eneolit mədəniyyətini ümumi olaraq Sioni, Sioni-Çopi yaxud Sioni-Çopi-Qinçi mədəniyyəti, Sioni keramikası, Sioni tipli abidələr adlandırırlar.
Tehsil.biz xəbər verir ki, bu məsələnin işıqlandırılması məqsədilə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Nezahat Ceylan, gənc tədqiqatçılar Elmar Baxşəliyev və Heyran Həsənovanın həmmüəllifliyi ilə “Sioni mədəniyyəti Tumbultəpədə arxeoloji qazıntılar kontekstində” adlı yeni kitab işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunan kitab Ümummilli lider Heydər Əliyevin: “Bizim böyük məqsədimiz Naxçıvanın tarixini bütün, hərtərəfli öyrənmək, tədqiqi etməkdir”, - fikri ilə başlayır.
Əsər “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr olunub. Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev, rəyçiləri isə tarix elmləri doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir.
Kitab Azərbaycan, ingilis və rus dillərində nəşr olunub. Burada Tumbultəpə yaşayış yerində 2023-cü ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunan maddi mədəniyyət nümunələri Cənubi Qafqazın digər Son Eneolit dövrü abidələrinin tapıntıları ilə müqayisəli şəkildə öyrənilib.
Sioni tipli abidələrin və keramikanın yayılma səbəblərinin tam aydınlaşdırılmadığına diqqət çəkən müəlliflər hesab edir ki, Naxçıvanda aşkar olunan arxeoloji materialların müqayisəli şəkildə tədqiqi bu problemin öyrənilməsində böyük önəm daşıyır.
Kitabda Tumbultəpə yaşayış yeri, buradan aşkar olunan əmək alətləri, obsidian və çaxmaqdaşı alətlər haqqında məlumat verilir. Vurğulanır ki, ümumilikdə Tumbultəpədən 3451 keramika məmulatı aşkar olunub. Həmin keramika numünələri 3 qrupda təhlil olunur. Kitabın “Cənubi Qafqazın Sioni tipli keramikası”, “Sioni tipli keramikanın xronologiyası” adlanan hissələrində maraqlı təhlillər aparılır.
Tumbultəpədən aşkar olunmuş bir qrup keramika məmulatlarının Sioni keramikası ilə az sayda oxşar xüsusiyyətlərə sahib olduğuna diqqət çəkən müəlliflər bu nümunələrin ayrıca bir mədəniyyətin deyil, Son Eneolit mədəniyyətinin tərkib hissəsi olması qənaətindədirlər. Tədqiqatçılar Azərbaycanın Son Eneolit abidələrinin Sioni mədəniyyətindən fərqli xüsusiyyətlərə malik olduğu, Cənubi Qafqazın Son Eneolit mədəniyyətinin “Sioni mədəniyyəti” adlandırılmasının düzgün olmadığı nəticəsinə gəliblər.
Kitabın sonuna Cənubi Qafqazda Sioni mədəniyyətinin yayıldığı əsas yaşayış yerlərinin əks olunduğu xəritə, Tumbultəpə yaşayış yerinin ümumi görüntüsü, topoqrafik planı, qazıntı sahələrinin və əldə olunmuş keramika nümunələrinin fotoşəkilləri, təsvirləri, istifadə olunan ədəbiyyat siyahısı əlavə olunub.
Kitab mütəxəssislər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.