Logo

Polimer Materialları İnstitutu və SDU-nun birgə təşkilatçılığı ilə strateji panel-müzakirə toplantısı keçirilib

22.02.2024 20:49 229 baxış
IMG

Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu (PMİ) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri” adlı strateji panel-müzakirə toplantısı keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə SDU-nun rektoru kimya üzrə fəlsəfə doktoru, dosent Rüfət Əzizov, PMİ-nin baş direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və hər iki müəssisənin alim və tədqiqatçıları iştirak ediblər.

Tədbiri SDU-nun rektor müşaviri kimya elmləri doktoru İsmayıl İsmayılov açaraq PMİ və SDU arasında uzun illər aparılan elmi əməkdaşlıqdan bəhs edib. Sonra çıxış edən SDU-nun rektoru Rüfət Əzizov 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələr sırasında olduğunu bildirən rektor bu sahədə gənc alimlərin fəaliyyətini xüsusilə vurğulayıb. O qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı universitetin gənc alimləri Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması ilə əlaqədar həmin bölgələrdə müxtəlif tədqiqatlar apararaq, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verirlər.

PMİ-nin baş direktoru Bəxtiyar Məmmədov çıxış edərək ali təhsil müəssisələri ilə elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışıb. Universitetin tədris prosesinin PMİ-dəki elmi tədqiqatlarla əlaqələndirilməsi, müştərək tədqiqatların aparılması, kadr hazırlığı, tələbələrin aparıcı mütəxəssislərin bilik və bacarıqlarından yararlanması istiqamətlərində aparılan işlərin əhəmiyyətindən bəhs edib və tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Daha sonra elmi məruzələr dinlənilib.

Xəbər lenti