Logo

Bir “malades”ə dəyərdimi? Axı “tarix bir hökmirəbbanidir (İlahidir)”

22.02.2024 15:00 388 baxış
IMG

1960-cı il. Sovet Rusiyasının Azərbaycanı işğal etməsinin 40-cı ili. Bütün qəzetlərimiz, jurnallarımız “Sovet Azərbaycanının 40 illiyini ləyaqətlə qarşılayaq!” rubrikası altında bu işğalı tərənnüm etmək üçün yarışa girib. 

Bax, faciə budur! İşğalını, istilanı bayram deyə tərənnüm edəsən. Özü də xalqın sadə bir nümayəndəsi yox, yazıçısı, şairi, hətta akademiki...

Qarşımda sovet dövrünün “ən aparıcı” mətbu orqanı olan “Kommunist” qəzetinin 1960-ci ildə çıxan bir neçə sayı var. Baxıram. Qəzetin aprel ayını gözləməyə səbri çatmayıb. 1960-cı ilin yanvarından bu bayramı (oxu: işğalı) vəsf etməyə başlayıb. 

Təbii diqqətimi o dövrün tanınmış alimlərinin imzaları cəlb etdi. Məsələn, qəzetin 6 aprel 1960-ci il tarixli sayında akademik İ.Hüseynovun “Kommunist partiyası Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin təşkilatçısıdır” başlıqlı məqaləsi dərc edilib. Müəllif məqalə boyu qardaş Türkiyəni, onun Qafqaz İslam Ordusunu qiyamçı, frıldaqçı adlandırmaqdan belə çəkinməyib. Akademik yazırdı: “1918-ci il martın 31-də Bakıda müsavatçılar sultan Türkiyəsinin köməyi ilə antisovet qiyamı qaldırdılarsa da, onların bu fırıldağı tamamilə puça çıxdı. Gərgin küçə vuruşmalarında Bakı proletariyatının silahlı qüvvələri müsavatçıların qiyamını darmadağın etdi”. 

Akademik İ.Hüseynovun "qiyam", "küçə vuruşmaları" adlandırıdığı bu soyqırım haqqında professor Ş.Hüseynov yazırdı: “Mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yüz minlərlə silahsız və günahsız əhalini didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın soydaşımız qanına qəltan edilmişdir”. 

Akademik daha sonra yazır ki, “sentyabrın 15-də Bakı Türkiyə ordusu tərəfindən işğal edildi”. Prof. Ş.Hüseynov isə bunu belə adlandırırdı: “Qardaş Türkiyənin silahlı qüvvələrinin göstərdiyi rəşadəti və əzmkarlığı nəticəsində Bakı 1918-ci ilin 15 sentyabrında daşnaklar və rus bolşevik-şovinist qüvvələrindən azad edildi”.

Akademik məqaləsində Azərbaycan xalqının düşməni olan Stepan Şaumyanın da bu sahədəki “xeyirxahlığını” vəsf etməyi də unutmayıb. Sözsüz ki, akademik İ.Hüseynovun atası, babası, anası, nənəsi büyövlükdə qohum-əqrəbası bu faciənin şahidi olmamış olmasınlar. Çünki bu faciə Azərbaycanın bütün ərazilərində törədilmişdir. O zaman elə bir ailə, məhəllə, el-oba yox idi ki, bu acını yaşamasın, bu həqiqətləri görməsin? Bəs onda onların bəzi övladları, nəvə-nəticələri nə üçün ağa-qara, qaraya-ağ deyirdilər?

Allah sənə rəhmət eləsin böyük Mirzə Cəlil. Sənin təbrincə desək “Moskvaya və onun yerli tör-tökülüntülərinə xoş gəlmək, onlardan bir “malades”, “spasibo” sözlərini eşitmək üçün”mü? 

Bəs milli qürür, haqq-ədalət?! Bəs gec-tez hər şeyi faş edən tarix?! Axı “tarixi unutqanlıq milləti məhvə aparan bəladır” – deyirlər. Məhz buna görə “böyük qardaşlarımız” öz əlimizlə özümüzə, öz tariximizi unutdurmağa çalışırdı. Amma unudurdular ki, “tarix bir hökmirəbbanidir (İlahidir)”. O, heç zaman haqqı nahaqqa qurban vermir. Dahi Üzeyir bəy demiş “bu dünyada iki şey var; Haqq və nahaq!”.

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti