Logo

BSU-nun İbtidai təhsil kafedrasının əməkdaşları II Beynəlxalq Autizm “ABA” Azərbaycan konfransında iştirak ediblər

07.04.2021 11:07 78 baxış
IMG

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə 2-3 aprel 2021-ci il tarixində II Beynəlxalq Autizm “ABA” Azərbaycan onlayn konfransı keçirilib.

 

BP Azərbaycan və tərəfdaşları, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Sosial Xidmətlər Agentliyinin tərəfdaşı olduğu konfransda autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən "ABA" (Tətbiqi Davranış Analizi) terapiya üsulu ilə bağlı "Zoom" platforması üzərindən dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssislərin, ekspertlərin, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib.


Konfransın açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, səhiyyə nazirinin müavini Rahim Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Birgə və Sağlam” İB-nin sədri Aytən Eynalova, “Regional İnkişaf” İB-nin sədri Leyla Tağıyeva çıxış edərək bildiriblər ki, bütün dünyada, o cümlədən ölkəmizdə martın 29-dan aprelin 4-nə kimi Ümumdünya Autizm Maarifləndirmə Həftəsi qeyd edilir və bütövlükdə aprel ayı autizm haqqında maarifləndirməyə həsr olunur. Maarifləndirilmə tədbirlərinin əsas məqsədinin əhalini, xüsusən gənc ailələri autizm haqqında daha ətraflı məlumatlandırmaq olduğu vurğulanıb, həmçinin qeyd olunub ki, autizm əlamətlərinin erkən yaşlarda aşkarlanması və müalicəyə cəlb olunması böyük əhəmiyyət kəsb edir. Erkən müdaxilə autizm əlamətləri olan insanlara qabiliyyətlərini artırmağa, istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.


İkigünlük konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış mütəxəssis və ekspertlər, Ohayo Dövlət Universitetinin fəxri professoru William Heward, BCBA-D, Davranış Analizi üzrə Beynəlxalq İnkişafın Sertifikatlaşdırılması Agentliyinin direktoru, professor Neil Martin, "Autism Speaks" Cəmiyyətinin İctimai Səhiyyə və İnklüziya üzrə vitse - prezidenti Andy Shih , Simmons Universitetinin professoru Judah Axe, İstanbul Universiteti Uşaq və Yeniyetmə Psixiatriya İnstitutunun professoru Nahit Motavalli Mukaddes, PHD, Təlim üzrə rəhbər Janet Twayman, "Naked Heart" Fondunun mütəxəssisləri Tatiana Morozova və Svyatoslav Dovbnya, “Centro APP" direktoru Lorenzo Todone, pedaqoq, BCBA kateqoriyalı analitiklər kursunun müəllifi Ekaterina Zhestkova və Azərbaycan həkimləri, ATU-nun İnnovasiya şöbəsinin müdiri, I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva, psixiatr, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov, Uşaq psixiatrı Ceren Evcen Canbaxışova autizm spektr pozuntuları olan şəxslərdə müxtəlif bacarıqların inkişafını təmin edən “ABA” terapiya üsulu ilə bağlı məruzələrlə çıxış edərək  iştirakçıların suallarını cavablandırıblar. Konfransın fəxri qonağı Autizm Spektr Pozuntusu diaqnozlu professor Temple Grandin idi. 


Konfransda Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrasının əməkdaşları iştirak edərək iki gün ərzində beynəlxalq səviyyəli məruzəçilərin dinləyicisi olublar və beynəlxalq sertifikata layiq görülüblər.  

 

Mətbuat və informasiya şöbəsi

Xəbər lenti