Logo

BMU-da 21 fevral - Beynəlxalq Ana Dili Günü qeyd olunub - FOTO

21.02.2024 23:18 349 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycanın Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Beynəlxalq Ana Dili Günü ilə bağlı videomaterial izlənilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə doğma dilimizin qorunması, hərtərəfli inkişafı və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Prorektor, eyni zamanda müstəqilliyimiz bərpa edildikdən sonrа Azərbaycan dilinin cəmiyyətin bütün sfеrаlаrındа məhdudiyyətsiz tətbiqi, inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlara, imzalanan müxtəlif fərman və sərəncamlara, yaradılan müvafiq dövlət komissiyalarına diqqət çəkib.

Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, professor Təranə Hacıyeva dilimizin inkişaf mərhələləri, bu prosesdə məruz qaldığı müxtəlif təzyiqlər, qloballama və elmi-texniki tərəqqinin, eləcə də müxtəlif amillərin dilə təsiri kimi məsələlərə toxunub. Milli dövlətçilik ideologiyası olan azərbaycançılıq məfkurəsindən də söz açan kafedra müdiri digər milli-mənəvi dəyərlərlə yanaşı, dilmizin saflığının qorunması, zənginləşdirilməsi, əbədi yaşadılması və gələcək nəsillərə ötürülməsi kimi başlıca amilləri önə çəkib.

Yazıçı-dramaturq, tərcüməçi Əyyub Qiyas isə məruzəsində dilimizin dünyanın ən saf və zəngin dillərdən biri olduğunu qeyd edib. O, xüsusən tərcümə proseslərində Azərbaycan dilinin geniş imkanları, əsərlərdə dilin ifadə tərzi və s. məsələlər haqda fikirlərini paylaşıb. Həmçinin, tələbələrə ana dilimizin qorunması ilə bağlı tövsiyələrini verib.

Çıxışların ardınca tədbir universitet tələbələrinin ifasında hazırlanan bədii hissə ilə davam edib.

Xəbər lenti