Logo

Mərkəzi Elmi Kitabxana BSU-ya nəşrlər hədiyyə edib

21.02.2024 18:00 185 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kitabxanasına nəşrlər hədiyyə edib.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, bununla bağlı keçirilən yığıncaqda BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dosent Nailə Xəndan bu tarixi günün əhəmiyyətindən danışıb, həmçinin Azərbaycan ədəbi dilinin qorunmasına dövlət qayğısını vurğulayıb. Prorektor ana dilimizin hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət dil siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb.

MEK-in direktoru professor Məmməd Əliyev ana dilini qorumağın vacibliyindən söz açıb, ölkəmizdə bu istiqamətdə atılan addımlardan danışıb. Direktor diqqətə çatdırıb ki, ana dili hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Dilin formalaşması üçün vacib elementlərdən olan kitablardan da bəhs edən Məmməd Əliyev MEK tərəfindən dəyərli nəşrləri universitetin kitabxanasına təqdim edib.

Tədbirdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Şəhla Əhmədovanın “Beynəlxalq Ana Dili Günü – dilimizin təəssübkeşlərinin günüdür”, həmin kafedranın baş müəllimi Gülqız Adilovanın “Dilin və sözün həyatımızda rolu”, BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Qəribovanın “Ana dilimizin inkişaf yolu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ana dilimizin əhəmiyyətindən, onun inkişaf mərhələlərindən, dilimizin təmizliyi, təbliği və qorunmasından geniş bəhs olunub.

Xəbər lenti