Logo

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

21.02.2024 17:17 176 baxış
IMG

Fevralın 21-də Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Seminarda “Horizon 2020” qrant layihəsi çərçivəsində ezamiyyətdə olan Estoniyanın Tartu Rəsədxanasının elmi işçisi Anna Aretin məruzəsi dinlənilib.

Məruzəçi seminarda Tartu Rəsədxanasında görülən və planlaşdırılan işlər barədə məlumat verib. Anna Aret qeyd edib ki, onların əsas tədqiqat obyektləri müxtəlif təkamül mərhələlərində olan massiv ulduzlardır. Massiv ulduzlar spektral və fotometrik üsullarla tədqiq olunur. Bu tədqiqatlar həm də digər ölkələrdən olan astronomlarda əməkdaşlıq şəraitində yerinə yetirilir. Əməkdaş ölkələrdən biri də Azərbaycandır. Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə ifratnəhəng ulduzların birgə tədqiqi həyata keçirilir.

Tartu Rəsədxanasında ekzoplanetlərin və qalaktikaların da tədqiqi istiqamətində aparılan elmi araşdırmalar barədə məlumat verən məruzəçi qeyd edib ki, adıçəkilən elmi müəssisədə həm də cihaz quruculuğu sahəsində geniş işlər həyata keçirilir. Rəsədxananın 1.5 metr teleskopunda lifli eşelle spektroqraf qurulur.

Məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti