Logo

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü qeyd edilib - FOTO

21.02.2024 17:00 177 baxış
IMG

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Bildirib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin əsas səhifəsidir.

Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində müvafiq fərman və sərəncamlar imzalanıb, dövlət proqramları həyata keçirilib. 

Vurğulanıb ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı dilə olan qayğının daha bir təzahürüdür. 

Tədbirdə institutun əməkdaşlarından Qüdsiyyə Qənbərova “Xəlil Rza şeirlərində ana dili uğrunda mübarizə motivləri”, Təranə Şükürlü “Mediada ana dilinin müasir problemləri”, Günel Mirzəyeva “Müasir Azərbaycan poeziyasında ana dili mövzusu” adlı məruzələrlə çıxış ediblər.

İnstitutun şöbə müdirləri Sayalı Sadıqova, İlham Tahirov və İlhami Cəfərsoy, dosentlər Elçin İsmayılov və Zülfiyyə Musəvi ölkəmizdə dil quruculuğu sahəsində görülən işlərdən, reklamların dilində ana dili problemindən, dilimizə daxil olan alınma sözlərdən, ingilis dilinin Azərbaycan dilinə təsirindən danışıblar.

Beynəlxalq Ana Dili Günü münasibətilə Dilçilik İnstitutunda Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunmuş xüsusi guşənin açılışı olub. Professor Nadir Məmmədli guşənin açılışı zamanı Ulu Öndər Heydər Əliyevin dil siyasəti ilə bağlı sənədlərdən söhbət açıb. Guşədə Ulu Öndərin ana dili ilə bağlı fikirləri öz əksini tapıb.

Xəbər lenti