Logo

Fövqəladə Hallar Nazirliyi məktəblilər üçün “açıq qapı” günü keçirib - FOTOLAR

21.02.2024 14:25 224 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına dəstək olmaq, habelə müvafiq qurumların fəaliyyəti ilə onları yerində tanış etmək olub.

Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən Bakı Avropa Liseyinin 5-ci sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Yanğından Mühafizə Hissəsində olan məktəblilərə yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonra məktəblilər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə səfər edərək, idarənin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə “112” qaynar telefon xəttinin təyinatı, fəaliyyət prinsipləri, qaynar xəttə müraciət üçün əsaslar barədə geniş məlumat verilib. Həmçinin uşaqlar baş vermiş hadisə barədə qaynar xəttə zəngin daxil olması və hadisə barədə məlumatı qəbul edən əməkdaşın fəaliyyətini real şəraitdə izləyiblər.

Məktəblilərdə dərin təəssürat yaradan “açıq qapı” günündə onları maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, FHN tərəfindən mütəmadi olaraq məktəblilər üçün nazirliyin müxtəlif qurumlarında “açıq qapı” günləri keçirilir.

Xəbər lenti