SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Hüseyn Abızadə Azərbaycanın innovasiya ekosistemində seçilən 10 nümayəndədən biri olaraq Koreyada baş tutacaq treninq proqramında iştirak hüququ qazanıb.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə (KOICA) birgə Seul şəhərində keçirəcəyi treninq proqramı 11 gün nəzərdə tutulub. BANM-in tələbəsi Koreyada nüfuzlu ekspertlərin təşkil etdiyi sessiyalarda iştirak edəcək, həmçinin bu ölkədə yaradılmış və innovasiya sahəsində lider kimi tanınan innovasiya yönümlü şirkətlərdə olacaq.
Hüseyn Abızadə BANM-in ən fəal tələbələrindəndir. O, “PAŞA Holding”də innovasiyalar üzrə mütəxəssis vəzifəsində çalışır. Hüseyn daha öncə startapı üçün "SABAH.funds"dan 25 min manat məbləğinddə investisiya əldə edib, “StartUp School” daxilində 200 startap arasında "Pitch" müsabiqəsində I yeri tutaraq ABŞ-də master-klasda iştirak hüququ qazanıb. Eyni zamanda, reklam texnologiyası üzrə bazarda yenilik edən “Adlet” startapının həmtəsisçilərindəndir.