Logo

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Şahdağ Milli Parkında

20.02.2024 10:51 231 baxış
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində yerləşən hissəsində ekotur səfərində olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, səfərin əsas məqsədi Milli Parkın zəngin biomüxtəlifliyinin, əsrarəngiz relyef-landşaft strukturunun, müxtəlif torpaq örtüyünün, hündürlük qurşaqları üzrə iqlim elementlərinin paylanma qanunauyğunluqları, ekosistemin kompleks müşahidəsi və ekoturizm imkanları ilə tanışlıqdır.

Şahdağ Milli Parkının rayonun Buynuz və Qalacıq kəndləri ərazisində orta və yüksək dağlıq qurşağı əhatə edən biolandşaftının flora və fauna zənginliyi müəllim-tələbə heyətinin marağına səbəb olub. Tələbələr biomüxtəlifliyin qorunması ilə bağlı müzakirələrdə fəallıq göstərib, Qərbi Avropadan gətirilən zubrların (meşə kəllərinin) populyasiyası, yerli şəraitə uğunlaşması, nəsli kəsilməkdə olan nəcib maralların mühafizəsi və saylarının artırılması istiqamətində görülən işlərlə əyani tanış olublar.

Daha sonra müəllim-tələbə heyəti Qalacıq kəndi yaxınlığındakı eyniadlı şəlaləyə baş çəkib. Qalacıq şəlaləsi meşə landşaftının mürəkkəb relyef quruluşu ilə ahəng əmələ gətirdiyindən, dağ-iqlim şəraitinin təmizliyini təmin edir.

Xəbər lenti