Logo

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb

17.02.2024 19:06 200 baxış
IMG

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir.

Tehsil.biz xəbər verir ki, 2023/2024-cü tədris ilinin ikinci semestrindən etibarən Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb. Birliyin fəal üzvü İnarə Osmanova Azərbaycan dilini universitetin Humanitar fənlər fakültəsinin birinci və ikinci kurslarında tələbələrə tədris edir.

O, 2017-2018-ci tədris ilindən bu ali təhsil ocağında könüllü olaraq tələbələrə ana dilimizi öyrədib. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir. Dərslərdə 200-ə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı diaspor təşkilatının sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün Qahirədəki diaspora mərkəzində əlavə kurslar təşkil olunacaq.

Qeyd edək ki, Qahirədəki diaspora mərkəzinin nəzdindəki kurslarda Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə 57 ölkədən 600-dən çox tələbə ödənişsiz təhsil alır.

Xəbər lenti