Logo

Öyrən ki, bir daha yanılmayasan

15.02.2024 18:00 173 baxış
IMG

“Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır”. 

Bir neçə il bundan öncə "“Qonağa” “qonaq” olduğunu bildirən oğullar” başlıqlı məqalə yazmışdım. Həmin məqalədən bir parçanı olduğu kimi diqqətinizə çatdırıram. “1803-cü ilin fevralında knyaz Pavel Sisianov Qafqaza baş komandan təyin olunur. Onun baş komandan təyin edilməsi Zaqafqaziyanın, o cümlədən Azərbaycanın təzədən işğalını daha da sürətləndirir. 1806-cı ilin fevral ayında Sisianov qoşunu ilə Bakıya doğru hərəkət edir. Bu haqda tədqiqatçı alim, qocaman yazıçı Qılman İlkin yazırdı: “Sisianovun qoşunlarının qalanı mühasirəyə alması, şəhər əhalisi içərisində böyük təşvişə səbəb olur. Bir azdan xanın nümayəndəsi qaladan çıxıb, əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim edir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir: Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü mənə təqdim etsin. 

Bu vaxt Hüseynqulu xan öz yaxın adamları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi, polkovnik Eristovla birlikdə qoşundan qabağa çıxır. Onları təkcə bir kazak müşayiət edir. Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub öldürür. Xanın o biri adamları isə polkovnik Eristovu öldürürlər. Təkcə onları müşayiət edən kazak qaçıb aradan çıxa bilir. Sisianovun öldürülməsindən sonra qala divarlarının üstündən onun əsgərləri gülləyə tutulur, ölən-ölür, ölməyən pərən-pərən düşür. Hüseynqulu xanın adamları aranın qarışmasından istifadə edərək, Sisianovun başını kəsərək qalaya aparırlar”.

Bir türk oğlunu, kişisini ayağına gətirib alçaltmaq istəyən işğalçıya, məncə, bu da çox az idi. Çünki dədəsi-nənəsi bəlli olmayan sisianovlar milli qürur hissindən çox uzaqdılar. Onlar üçün nə duz-çörək, nə də dostluq var. Onlar üçün yalınız və yalnız işğal, “parçala hökm sür” var.  

Görkəmli alim İslam Ağayevin yazdığına görə “bu hadisə Bakı əhli üçün dəhşətli faciələrə səbəb oldu. İşğalçı çar rus ordusu hətta cocuqları da qılıncdan keçirdi. Qətliam şəhərdə həftələrlə davam etdi. Hüseynqulu xanın bütün nəsli şiddətli cəzalara düçar oldu, Hüseynqulu xan isə Sibrə sürgün oldu”.

Bu amansızlıqları törədən çar rus hökuməti yanılırdı. Çünki, bir nəsli, ailəni, şəhəri məhv etməklə, çox böyük kökü-soyu olan xalqın qürurunu, mənliyini, vətənpərvərlik eşqini söndürmək mümkünsüzdür. Onlar unudurlar ki, ədəbsizə ədəb dərsi verəcək, həddini bilməyi öyrədəcək yüzlərlə Hüseynqulular yetişəcək və yetişir də! 

Bu gün dövlətimizi, dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq və daim yaşatmaq üçün mücadiləyə qoşulan gənclərimiz! Dünənimizdə baş verənləri diqqətlə oxu, öyrən ki, dostunu, düşmənini yaxşı tanıya biləsən. Yoxsa bir daha yanılarsan!  Bunu isə tarix və Tanrı sənə bağışlamaz... 

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti