“Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün infosessiya keçirib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Əvvəlcə çıxış edən BDU rektoru Elçin Babayev festivalın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu bildirib. Rektor qeyd edib ki, BDU “TEKNOFEST-2023”də böyük uğura imza atıb. Universitetin 4 komandası yarışmada müxtəlif kateqoriyalar üzrə təqdim edilmiş 6 layihə ilə təmsil olunub. BDU komandaları “TEKNOFEST-İstanbul” festivalında I və III yerlərə, “TEKNOFEST-Ankara” festivalında isə “Ən yaxşı cəhd” mükafatına layiq görülüb.
Ahmet Köse dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024”lə bağlı geniş təqdimat edib. Bildirilib ki, “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. “TEKNOFEST-2024”də komandalar 46 əsas, 117 altyarışma kateqoriyası üzrə yarışacaqlar. “Gələcək sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat fevralın 20-dək davam edəcək.
Sonra Ahmet Köse yarışmaya qatılmaq istəyən BDU komandalarının suallarını cavablandırıb.
Qeyd edək ki, BDU-nun “TEKNOFEST-2024”də daha geniş tərkibdə iştirakı nəzərdə tutulub. Tələbələr tərəfindən hazırlanacaq layihələr festivalın “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Ağıllı nəqliyyat texnologiyaları”, “Turizm texnologiyaları” və “Pilotsuz uçuş aparatları” kateqoriyalarında təqdim ediləcək.

