Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Əsəd Qurbanzadə məzunu olduğu Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb.
Müsabiqənin İşçi qrupundan "Tehsil.biz"ə bildirilib ki, Əsəd Qurbanzadə şagirdlərə şəxsi inkişaf və peşəkar təcrübələrini artırmaq üçün seçdikləri ixtisas üzrə təlimlərlərdə, araşdırma və layihəəsaslı proqramlarda iştirak etməyi məsləhət görüb. Görüşün sonunda şagirdlərə sertifikatlar təqdim olunub.
Görüş Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir gələcək” təşəbbüsü çərçivəsində reallaşıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
