Logo

Azərbaycan Universiteti 30 yaşını qeyd edir

06.04.2021 09:50 135 baxış
IMG

Azərbaycanda özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universitetinin fəaliyyətə başlamasının 30 ili tamam olur. Universitetin 30 illik yubileyi il ərzində pandemiya şəraitinə uyğun olaraq müxtəlif tədbirlərlə qeyd olunacaq.

 

1991-ci ildə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunan universitetə 2017-ci ildən Səadət Əliyeva rəhbərlik edir.

 

“Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvü olan Azərbaycan Universiteti kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL (European Computer Driving Licence) sertifikat proqramının Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq, eyni zamanda ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının İmtahan Alt Mərkəzi kimi fəaliyyət göstərir.

 

Azərbaycan Universitetində Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı tətbiq olunur. Həmçinin tələbələrin 4 ildə 2 fərqli ixtisas üzrə 2 diplom ala biləcəkləri Universitetdaxili İki Diplom (UDİD) Proqramı fəaliyyət göstərir.

 

ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatını əldə edən Azərbaycan Universitetində tədris və idarəetmə beynəlxalq standartlar əsasında təşkil olunur.

 

30 il ərzində ilklər və uğurlarla dolu böyük inkişaf yolu keçən, zəngin elmi-pedaqoji ənənələrə malik, ölkənin ali təhsil məkanında çəkisi ilə daim seçilən, yüksək hədəflərə fokuslanan Azərbaycan Universiteti ölkəmizin dinamik inkişafına öz töhfəsini verəcək mütəxəssislər yetişdirməyə və qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün səylərini davam etdirir.

Xəbər lenti