Logo

COST layihəsi çərçivəsində bitki aləminə həsr edilmiş kitabın birinci hissəsi hazırlanıb - FOTO

24.01.2024 10:00 156 baxış
IMG

Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair anlaşma memorandumu Avropa Komissiyasının COST (Elm və Texnologiya Əməkdaşlığı) Fəaliyyəti Avropanın üzv, assosiativ və Şərq Tərəfdaşlığı ölkələri ilə yanaşı, digər ölkələrin də müvafiq elm sahələri üzrə alim və mütəxəssislərinin daxil olduğu geniş tərkibli elmi şəbəkələrin yaranmasına imkan yaradır.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, azərbaycanlı alim və mütəxəssislərin bu proqram üzrə layihələrdə iştirakında fəallıq nəzərə çarpır və hazırda proqram çərçivəsində həyata keçirilən 30-dan çox layihəyə Azərbaycanlı mütəxəssislər cəlb edilib.

2020-ci ildən COST Fəaliyyəti tərəfindən dəstəklənən və 42 ölkədən 100-dən çox təşkilatın 200-dən çox mütəxəssisini birləşdirən bir layihə ətraf mühit problemləri və onların bitkilərə təsirinə həsr edilib. Azərbaycan tərəfindən bu layihədə AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva iştirak edir. Alim bu layihə üzrə Almaniyanın Vuppertal şəhərində keçirilmiş növbəti toplantıda, həmçinin Beynəlxalq Kiçik Miqdarda olan Elementlərinin Biogeokimyası Konfransı (ICOBTE) və Beynəlxalq Ağır Metallar Konfransının (ICHMET) 1-ci birləşmiş tədbirində iştirak edib. COST üzrə toplantıda layihənin növbəti mərhələləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Layihənin iş paketlərindən birinin məqsədi geniş auditoriyanın, xüsusilə məktəblilərin maarifləndirilməsidir. Bu məqsədlə, aşağı sinif şagirdləri üçün bitki aləminə həsr edilmiş kitabın birinci hissəsi hazırlanıb. Kitab Azərbaycan dili də daxil olmaqla, 20 dildə tərtib edilib. Azərbaycan dili üzrə tərcümə redaktoru dosent E.Əlirzayeva və AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nihal Mustafayevadır.

Kitabla buradan tanış olmaq olar.

Qeyd edək ki, E.Əlirzayeva layihə çərçivəsində maarifləndirici iki videonun (https://www.youtube.com/watch?v=3qn33SQGL44&t=34s; https://www.youtube.com/watch?v=OtFxn8ehCK8) da tərtibçilərindəndir.

Xəbər lenti