Logo

Şaqal və Pikassonun oğurlanmış əsərləri Belçikada tapılıb - FOTO

18.01.2024 20:45 165 baxış
IMG

Pablo Pikassonun “Tête” adı ilə məşhur olan kubizm üslubundakı portreti və Mark Şaqalın dua edən insanı təsvir edən “İnsan və təbiət” əsəri 2010-cu ilin fevralında Təl-Əvivdə Qertsikoviç ailəsinə məxsus villadan oğurlanıb.

Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, əsərlər kolleksiyaçıdan oğurlanmasından 14 il keçəndən sonra Belçikanın Antverpen şəhərindəki zirzəmilərin birində aşkarlanıb.

Həmin vaxt əsərlərin hər ikisi 900 000 dollar dəyərində qiymətləndirilib. Bundan başqa, soyğunçular villadakı seyfdən həm də dəyəri 680 000 dollar olan və indiyədək tapılmayan qızıl-zinət əşyaları oğurlayıblar.

Yalnız 2022-ci ilin sonunda, Belçika polisinə art-dilerlərdən birinin ölkənin Namyure şəhərində iki rəsm əsərini satmaq istəyində olması ilə bağlı məlumat daxil olduqdan sonra, bu cinayət işini son onillik ərzində araşdıran müstəntiqlər tabloların izinə düşməyə müvəffəq olublar.

Bir neçə ay davam edən məxfi əməliyyat nəticəsində, polis “Daniel Z” adlı lüks saatların satışı ilə məşğul olan 68 yaşlı israilli dəllalın fəaliyyətini izləməyə davam edib.

Prokurorun tələbi ilə şübhəli şəxsin evində axtarış aparan federal polis külli miqdarda nağd pul aşkarlasa da, rəsm əsərlərinin yerini müəyyənləşdirmək mümkün olmayıb.

“2023-cü ildə aparılan axtarışlar və polis əməliyyatları axtarılan tabloların həqiqətən sözügedən şübhəli şəxsdə olduğunu, onun həmin əsərləri öz evində və ya qohumlarının evində gizlədə biləcəyini müəyyənləşdirib”, – deyə polis əməkdaşları “Le Soir” qəzetinə verdikləri açıqlamada bildiriblər. – “Şübhəli şəxs əsərlərin onda olduğunu etiraf etsə də, onları harada saxladığını açıqlamaqdan imtina edib”.

Əsərlərin tacirindən bununla bağlı heç bir şey öyrənə bilməyən polis axtarışın miqyasını Antverpenə qədər genişləndirib, dəllalın daha əvvəl məskunlaşdığı binada yoxlamalar aparıb. Həmin binada polis əməkdaşları ağzı vintlə bağlanmış iki taxta yeşik aşkar ediblər, sənət əsərlərinin məhz həmin yeşiklərdə saxlanıldığı ortaya çıxıb.

Polisin bildirdiyinə görə, tablolar qətiyyən zədələnməyib və öz orijinal çərçivələrində olduğu kimi saxlanılıb. Şübhəli şəxsə iki əsərin oğurlanmasında əsas cinayətkar kimi ittiham sürülüb və o həbs edilib.

c

Xəbər lenti