Logo

“Сode for Future” layihəsi 4 mindən çox tələbəni əhatə edib

27.12.2023 17:09 180 baxış
IMG

2021-ci ildən icra olunan “Сode for Future” layihəsi tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına, onların mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşmasına və texnoloji dəyişikliklərə uyğunlaşmasına dəstək göstərir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, layihənin tərəfdaşları “Code Academy”, “Alqoritmika” və “Dev Education” tərəfindən tələbələrə 4 ay müddətində intensiv olaraq proqramlaşdırma, şəbəkə administratorluğu, sistem inzibatçılığı, veb-tərtibatçılıq, keyfiyyət təminatı (QA), data analitikası, İT üzrə mütəxəssislik və ingilis dili modulları üzrə dərslər tədris olunub.

“Сode for Future” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələri əhatə edir.

Layihə çərçivəsində cari semester üzrə 900-ə yaxın, ümumilikdə isə 4 mindən çox tələbə kurslarda iştirak edərək məzun olub.

Qeyd edək ki, bu ildən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi #CodeforFuture layihəsinə fəal dəstək göstərməyə başlayıb.

Xəbər lenti