"Qadın müəllimlərin orta aylıq əmək haqqı ali təhsilli qadının orta aylıq əmək haqqının 90 %-i, kişi müəllimin orta aylıq əmək haqqı ali təhsilli kişinin orta aylıq əmək haqqının 71 %-i qədərdir. Bu fərq müəllim peşəsinə münasibətdə gender disbalansına təsir edən ilk amil olaraq qiymətləndirilə bilər".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, son onillikdə müəllim peşəsinin “feministləşdirilməsi”ni bir danılmaz fakt olaraq qeyd etmək olar:
"Nümunə olaraq tədqiqat aparılan bütün ölkələrdəki qadın müəllimlərin orta payının 2005-ci ildəki 61 %-dən 2014-cü ildəki 68 %-ə qalxması göstərilir. Bu artım ABŞ və Sloveniyada 1 % təşkil edirsə, Almaniya, Yaponiya və Yunanıstanda 15 % təşkil edir. Lakin təhsildə qadın müəllimlərin sayı nə qədər çox olsa da rəhbər vəzifədə işləyən qadınların sayı bir o qədər çox deyildir".
Ekspert bildirib ki, gender disbalansının başqa bir tərəfi olaraq təhsilin müxtəlif səviyyələrindəki vəziyyət də qeyd edilir:
"Təhsil səviyyəsi yüksəldikcə qadın müəllimlərin ümumi payı da azalır. Belə ki, məktəbəqədər təhsildə qadın müəllimlərin payı 97 %, ibtidai təhsildə 82 %, orta təhsildə 63%və ali təhsildə 43 % təşkil edir.Tədqiqat nəticələrindən də aydın olur ki, araşdırma aparılan ölkələrdə qadın müəllimlərinin payının ən çox olduğu yaş 30 yaşa qədər olan aralıqdır. Bu statistika gələcəkdə təhsildə gender disbalansının daha da artacağını proqnozlaşdırmağa imkan verir".
Mərcanə Əsədova