Logo

Əlyazmalar İnstitutu NETTY2023 Azərbaycan Milli İnternet Mükafatına layiq görülüb - FOTO

20.12.2023 23:03 147 baxış
IMG

NETTY2023 Azərbaycan Milli İnternet Mükafatının 18-ci təntənəli təqdimat mərasimi keçirilib və müsabiqənin qalibləri mükafatlandırılıb.

Tehsil.biz xəbər verir ki, bu il müsabiqənin “Mədəniyyət, incəsənət və yaradıcılıq” nominasiyasında Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun veb portalı (https://www.manuscript.az) qalib gəlib.

Oktyabrın 9-dan etibarən müsabiqəyə qoşulmuş institutun saytı əvvəlcə ekspertlər şurasının (174 səs) və virtual jürinin yüksək qiymətini alaraq mükafata əsas namizədlərdən biri olub. Daha sonra NETTY akademiyasının üzvlərinin səs çoxluğu ilə öz nominasiyasında ilin ən yaxşı saytı seçilib. Mükafatlandırma mərasimində Əlyazmalar İnstitutunu Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov təmsil edib. “Mədəniyyət, incəsənət və yaradıcılıq” nominasiyasının qalibinə mükafatı təqdim edən Əməkdar İncəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tariyel Məmmədov qalib layihələr, o cümlədən İnstitutun veb saytı haqqında müsbət fikirlərini bölüşüb, təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə də NETTY2023 Azərbaycan Milli İnternet Mükafatına layiq görülmüş bütün nominantları təbrik edib. Natiq çıxışında vaxtilə Ulu Öndər Heydər Əliyevin və son illərdə Prezident cənab İlham Əliyevin informasiya cəmiyyəti quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb, ölkəmizdə İKT-nin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətinə toxunub, NETTY akademiyasının son 20 ildə keçdiyi yola nəzər yetirib.

Sonra tədbir digər natiqlərin çıxışı və incəsənət ustalarının ifasında musiqili proqramla davam edib.

Xəbər lenti