Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasında təhsil alan tələbələrinə “Praktik hüquqşünaslara insan hüquqlarının tədrisi üzrə Avropa proqramının (HELP)” təqdimatı və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi (Şəxsi və ailə həyatına hörmət hüququ)” mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz" BDU-dan məlumat verilib.
Təlim BDU-nun “SABAH” Mərkəzinin və Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə reallaşıb.
Ədliyyə Akademiyasının baş məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Zeynəb Qənbərova tələbələrə qurumun fəaliyyət istiqamətləri, tədris üsulları barədə məlumat verib.
Sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, kiçik ədliyyə müşaviri Günel Sadıqova mövzu ilə əlaqədar təqdimat edib.
Təqdimat zamanı HELP-in 46 üzv ölkənin hamısında hakimlərin, vəkillərin və prokurorların gündəlik peşə fəaliyyətlərində Konvensiyanın tətbiqi üzrə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə həyata keçirildiyi vurğulanıb. Tədbirdə HELP proqramının təşviqi üzrə Ədliyyə Akademiyası tərəfindən görülmüş işlər barədə məlumat verilib və platformadan istifadə qaydası izah edilib. Daha sonra Konvensiyanın 8-ci maddəsinin əhatə dairəsi, demokratik cəmiyyətdə zərurilik və müdaxilənin qanunla nəzərdə tutulması ilə əlaqədar mövcud presedentlərdən bəhs edilib.