Logo

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “SABAH” qrupları İcra Komitəsinin nümayəndələri ilə görüş keçirilib - FOTO

11.12.2023 15:16 253 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “SABAH” qrupları İcra Komitəsi ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev, elmi katibi k.e.d. Mina Munşiyeva, Təhsil şöbəsinin müdiri dosent Sevinc Məmmədova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev, Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Bakı Dövlət Universitetinin “SABAH” Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Texniki Universitetin “SABAH” Mərkəzinin rəhbəri Aytən Sadıqova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “SABAH” Mərkəzinin rəhbəri Arzu İbrahimova iştirak edib.

Görüş elm və təhsilin inteqrasiyasının intensivləşdirilməsi və bu səylərin artırılmasına həsr olunub. Görüş zamanı Komitənin rəhbəri Eldar Qocayev “SABAH” qruplarının yardılmasının tarixi, məqsədi, görülən işlər və nazirlik tərəfindən qarşıya qoyulan hədəflər barəsində iştirakçılara geniş məlumat verib. Qeyd edilib ki, “SABAH” qruplarında 2023-cü ildən etibarən magistratura pilləsi üzrə də təhsil həyata keçirilir. Bu sahədə elmi tədqiqat institutlarının geniş kadr və tədqiqat potensialından istifadənin vacibliyi vurğulanıb.

Görüş zamanı akademik Dilqəm Tağıyev elmi mühitlə təhsilin inteqrasiyasında institutun böyük təcrübəsi olduğunu və gündən-günə genişləndiyini bildirib. Akademik Dilqəm Tağıyev “SABAH” qruplarında təhsil və tədqiqatın təşkilində beynəlxalq təcrübədən faydalanmağın, elmlə təhsilin vəhdətini hələ orta məktəbdən başlamağın, hərtərəfli elmi tədqiqat mühitinin yaradılmasının, təhsildə mobillik və xarici dilin inkişaf etdirilməsini özündə cəmləyən kompleks yanaşmanı nəzərə almağın vacibliyini qeyd edib. Daha sonra institutdakı akademik mühitin, kadr potensialının və praktiki təcrübə imkanlarının tələbələrə açıq olduğunu qonaqların diqqətinə çatdırıb.

Görüş əsnasında institutun elmi kadr potensialından istifadə etməklə “SABAH”ın magistratura tələbələri üçün ustad dərslərinin, ixtisas müəllimlərinin mühazirələrinin və elmi konfransın keçirilməsi, tələbələr üçün elmi rəhbərlərin təyin edilməsi kimi məsələlərin müzakirəsi aparılıb.

Xəbər lenti