Logo

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu və Əlyazmalar Fondu illik hesabat veriblər

09.12.2023 18:20 108 baxış
IMG

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Əlyazmalar Fondunun 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyətləri ilə bağlı hesabat iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

İclası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik hər iki elmi-tədqiqat müəssisəsinin illik fəaliyyətinə nəzər salıb, ümumi göstəriciləri dəyərləndirib.

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev institutun cari ildəki fəaliyyəti ilə bağlı məruzə edib. Professor bildirib ki, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tədqiqat işlərinin planına uyğun olaraq 1 prоblem üzrə 1 mövzunu əhatə edən 7 işi 16 mərhələdə yerinə yetirib.

2023-cü ildə institut əməkdaşlarının 2 monoqrafiyası, 4 kitabı, 89 elmi məqaləsi, 50 konfrans materialı, 3 tezisi, ümumilikdə 148 elmi əsəri çap olunub. Əsərlərin 14-ü xaricdə nəşr olunub, bunlardan 2-si impakt faktorludur. Elmi məqalələrə 265 istinad qeydə alınıb. İnstitutun “Axtarışlar” jurnalının 3 nömrəsi çap olunub, 4-cü sayı çapa təqdim edilib. İl ərzində əməkdaşların qəzet və saytlarda 214 məqаləsi işıq üzü görüb.

2023-cü ildə institut əməkdaşları 12 beynəlxalq, 8 respublika, 8 muxtar respublika, 28 bölmə səviyyəli elmi konfrans, tədbir və təqdimatda məruzə ediblər.

AMEA Naxçıvan Bölməsinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində səmərəli elmi rəhbərlik edən 5 əməkdaş sertifikata layiq görülüb. Hesabat ilində institut Elmi şurasının 9 iclası, tədqiqat işləri ilə əlaqədar 9 elmi seminarı keçirilib.

Hesabat ilində institutun 3 əməkdaşı müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri fərmanı və AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif edilib. İnstitutda Naxçıvanın mədəni mühiti, maddi və mənəvi mədəniyyəti problemi üzrə 1 mühüm nəticə əldə olunub.

Tədqiqat ilində institut respublikada və xaricdə müxtəlif tədqiqat müəssisələri, o cümlədən Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyə Cümhuriyyətinin İstanbul, Ankara, Ərzurum Universitetləri, Şimali Makedoniya Respublikasının Vizyon Universiteti, AMEA-nın Ədəbiyyat, Fоlklоr, Dilçilik, İncəsənət və Memarlıq İnstitutları, eləcə də digər elm və tədris müəssisələri ilə səmərəli əməkdaşlığı davam etdiriblər.

İnstitut əməkdaşları Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində muxtar respublikanın rayon və kəndlərində ekspedisiyalarda olmuş, materiallar toplamışlar.

İclasda çıxış edən Əlyazmalar Fоndunın baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bildirib ki, Fondda cari ildə 1 prоblem, 1 mövzuya daxil 3 iş 4 mərhələdə yerinə yetirilib.

Hesabat ilində əməkdaşların 42 elmi əsəri, o cümlədən 2 monoqrafiyası, 2 kitabı, 24 məqaləsi, 13 konfrans materialı və 1 tezisi nəşr olunub. Əsərlərdən 1 monoqrafiya, 2-si impakt faktorlu olmaqla 4 məqalə və 4 konfrans materialı xaricdə çap olunub. Elmi əsərlərin 4-ü xaricdə, 22-si müxtəlif beynəlxalq kodlu jurnallarda dərc edilib. Əməkdaşların 5 qəzet məqaləsi işıq üzü görüb.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın fonda yeni daxil olan şəxsi arxivindəki sənəd və materiallar qeydə alınıb, onlara gigiyenik xidmət göstərilib. Hazırda Əlyazmalar Fondunda 638 əlyazma və çap kitabları mühafizə olunur. Fond əməkdaşları 2023-cü ildə 3 beynəlxalq, 2 respublika konfransında və bölmədə keçirilən 5 tədbirdə çıxış ediblər.

Hesabat dövründə Fondda 6 iclas keçirilib, əməkdaşlar bölmədaxili və muxtar respublika səviyyəli müxtəlif tədbirlərdə iştirak edib, radio və televiziya verilişlərində çıxışlar ediblər. Fondun Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və bir çox elm, təhsil müəssisələri ilə əlaqələri davam etdirilib.

Sonda AMEA-nın müxbir üzvləri Vəli Baxşəliyev və Əbülfəz Quliyev çıxış edərək təqdim olunan hesabatları qənaətbəxş qiymətləndirib, qəbul olunmasını təklif ediblər.

Xəbər lenti