Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) inkubator-rezidenti olan “SmFresh Oil”in təsisçisi, həkim, qidalanma üzrə mütəxəssis Maya Səbzəliyeva Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən İVLP proqramı (İnternational Visitor Leadership Program) çərçivəsində Azərbaycan üzrə qadın sahibkar olaraq seçilib.
Tehsil.biz xəbər verir ki, bu məqsədlə M.Səbzəliyevanın 11.11.2023 – 03.12.2023 tarixlərində ABŞ-a səfəri baş tutub.
Səfər çərçivəsində sahibkar qadınlar ABŞ-da biznes imkanları, xanım sahibkarlar üçün təqdim olunan üstünlüklər haqqında ətraflı məlumat əldə edib, həmçinin Amerika mədəniyyəti və adət ənənəsi ilə yaxından tanış olublar. Səfər zamanı M.Səbzəliyeva 23 fərqli ölkədən olan qadın sahibkarlarla birgə ABŞ-in bir neçə ştatını və şəhərini ziyarət edib.
M.Səbzəliyeva ABŞ səfirliyinə Azərbaycanda qadın sahibkarlığının inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1940-cı ildə fəaliyyətə başlayan IVLP proqramı ABŞ-a qısamüddətli səfərlər təşkil etməklə inkişaf etməkdə olan ölkələrin öz sahəsinin aparıcı mütəxəssislərini amerikalı həmkarları ilə bir araya gətirərək, ABŞ-ın dünya ölkələri ilə əlaqəsini gücləndirməyə və davamlı əlaqələri inkişaf etdirməyə dəstək verir.