Logo

Beynəlxalq tədbirdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsi təqdim olunub

09.12.2023 10:17 94 baxış
IMG

Avropa Təlim Fondunun (ATF) təşkilatçılığı və Türkiyənin Peşə Kvalifikasiyaları Agentliyinin tərəfdaşlığı ilə Ankara şəhərində keçirilən “Qeyri-formal və informal təhsilin tanınması mexanizmlərinin təkmilləşdirilməsi” adlı beynəlxalq tədbirdə iştirak edən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri sözügedən sahədə Azərbaycan təcrübəsi ilə bağlı çıxış ediblər.

TKTA-dan "Tehsil.biz"ə bildirilib ki, Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova sözügedən sahədə Azərbaycan təcrübəsi ilə bağlı ətraflı təqdimat edib.

Könül Əhmədova Azərbaycanda qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi proseduru haqqında geniş formatda məlumat verib, iştirakçıları mövcud qanunvericilik, son illərdə həyata keçirilmiş layihələr, qarşıda duran hədəflər və gələcək planlar haqqında danışıb. Təqdimat zamanı TKTA tərəfindən son illərdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Qarabağa qayıdış”, “Peşəkar qadınlar” və digər sosial layihələrin tanınma və qiymətləndirmə prosesində əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, tədbirin gündəliyinə uyğun olaraq TKTA-nın Qeyi-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Əli Tağıyev qeyri-formal və informal təhsilin tanınması mövzusunda qrup işini fasilitasiya edib.

Tədbir zamanı iştirakçıların Azərbaycandakı mövcud təcrübə ilə bağlı sualları Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Xəbər lenti