Logo

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi “Mentorluq” proqramına qəbul olunan tələbələrlə görüşüb - FOTO

08.12.2023 20:46 133 baxış
IMG

“Yüksəliş” müsabiqəsi qalibinin “Mentorluq” proqramı çərçivəsində tələbələrlə növbəti görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova proqrama qəbul olunan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Aygül Əliyeva və Təhmasib İmaməliyevlə tanışlıq görüşü keçirib. Nərgiz İsmayılova tələbələrə Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib və onların təkliflərini dinləyib. O, peşəkar karyera və uğurlu peşə seçimi ilə bağlı fərdi bacarıqların inkişafı üçün əhəmiyyətli tövsiyələr verib. Tələbələr isə ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduqlarını deyib, “Mentorluq” proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür ediblər.

Qeyd edək ki, tələbələr üçün “Mentorluq” proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Xəbər lenti