AMEA Folklor İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.
İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Folklor İnstitutunda aparılan elmi-tədqiqat işlərindən danışıb. “Dünyada gedən müasir folklorşünaslıq proseslərinin əks-sədası bu institutun aparıcı elmi istiqamətlərinə çevrilib. Son illərdə çap olunan folklor örnəkləri toplularından göründüyü kimi, toplama sahəsində də Folklor İnstitutunun nailiyyətləri çoxdur. İndiyədək diqqətdən kənarda qalan folklor və etnoqrafiyanın əlaqəsi məsələsinə fikir verilərsə, Folklor İnstitutu ölkə üzrə yeni bir istiqamət də aça bilər, – deyə akademik bildirib.
Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov çıxışında institutda aparılan tədqiqat işləri, təşkil olunmuş tədbirlər və yeni nəşrlər, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görən kitablar barədə məlumat verib.
İnstitutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova 2023-cü il üzrə hesabatı təqdim edib. O, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına uyğun olaraq “Folklordan görünən Şuşa” seriyasından ilk kitabın nəşr edildiyini, digərinin isə çapa hazırlandığı qeyd edib.
O, 2023-ci ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 66 iş əsasında tədqiqatlar aparıldığını bildirib: “Bu il institutda AMEA-nın “Zəngəzur folklorunun milli-mədəni yaddaş və bəşəri zənginlik kontekstində semantik analizi” elmi-tədqiqat proqramı icra olunur. Proqram çərçivəsində üç kitab çapa hazırlanıb. Ümumilikdə il ərzində 6-sı xaricdə olmaqla 37 kitab və monoqrafiya, 3 konfrans materialı, 6 jurnal, 45-i xaricdə olmaqla 300-ə yaxın məqalə çap olunub. Məqalələrdən 12-si beynəlxalq indeksli jurnallarda dərc edilib.
Bu ilin əvvəlində institutda Qərbi Azərbaycan folkloru şöbəsi fəaliyyətə başlayıb, AMEA Rəyasət Heyətinin 2023-cü il 12 iyul tarixli qərarı ilə elektron elmin inkişafı istiqamətində işlərin tərkib hissəsi olaraq Elektron xidmətlər şöbəsi yaradılıb. 2023-cü ildə institutun doktoranturasına və dissertanturasına iki ixtisas – folklorşünaslıq və Azərbaycan ədəbiyyatı üzrə cəmi 9 nəfər qəbul olub. İnstitutun əməkdaşlarından 2 nəfər elmlər doktoru, 5 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 1 nəfər professor elmi adı alıb”.
Afaq Ramazanova 2023-cü ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 1 beynəlxalq konqres, 1 beynəlxalq konfrans, 6 respublika elmi konfransı, 3 elmi seminar, 1 sessiya, 2 dəyirmi masa, 3 anım tədbiri, 5 təqdimat mərasiminin keçirildiyini də diqqətə çatdırıb.
AMEA-nın prezidenti Folklor İnstitutunun illik hesabatını məqbul hesab edib.