Logo

Veysəloğlu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

08.12.2023 13:33 98 baxış
IMG

Veysəloğlu Şirkətlər Qrupu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

ADA Universitetindən "Tehsil.biz"ə bildirilib ki, sənədi Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Burak Deniz və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıb.

Memoranduma əsasən, qurumlar tələbələrin biznes təcrübəsi ilə daha yaxından tanış olması və şirkət əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətləri üzrə təlim-inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı birgə fəaliyyət göstərəcəklər.

Razılıq çərçivəsində ADA Universitetinin tələbə və məzunları şirkətlər qrupu və ona aid olan biznes təsisatlarında təcrübə proqramında iştirak edəcəklər. Həmçinin Veysəloğlu Şirkətlər Qrupunun yüksək səlahiyyətli əməkdaşları tələbələrə biznes sahəsi üzrə seminarlar keçəcək və şirkət rəhbərləri öz zəngin təcrübələrini paylaşmaq üçün ADA Universitetin tələbələri ilə görüşlər təşkil edəcəklər.

“Biz özəl sektorun tələblərini bilməliyik ki, əmək bazarı üçün lazım olan insan resurslarını ehtiyac olan istiqamətdə yetişdirə bilək”, - deyə ifadə edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu əməkdaşlığın tələbələrə faydalı təcrübə qazandıracağına ümidvar olduğunu bildirib.

“Biznes sektoru və universitetlər vəhdət halında çalışmalıdır”, – deyə bildirən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov ADA Universitetinin tələbələrini istehsalatla tanış olmaq və sahədə təcrübə toplamaq üçün şirkətə dəvət edib.

Qeyd edək ki, Şirkətlər Qrupu ADA Universitetində pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların və “ideya yarışı”nın maliyyələşdirilməsini, eləcə də lazımi istiqamətlər üzrə kitab çapını nəzərdə tutub.

Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişafa töhfə vermək məqsədilə davamlı olaraq təhsili dəstəkləyir. Belə ki, Şirkətlər Qrupu 2012-ci ildən etibarən “Tələbəmiz var” proqramı çərçivəsində əməkdaşlarının övladı olan 400-dən çox tələbəyə təqaüd ödəyib.

Xəbər lenti