İsrailin Afula şəhərində yerləşən Mərkəzi Şəhər Kitabxanasında müasir Azərbaycanın qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər sakinləri və qonaqlar iştirak ediblər.
Yeganə Salmanın giriş sözü ilə açdığı tədbirdə Afula şəhər meriyasının vitse-meri Mixail Barkan və “Azİz” İsrail-Azərbaycan beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü Lev Spivak çıxış edib. Onlar xalqımızın görkəmli oğlu Heydər Əliyevin müdrik, uzaqgörən siyasətindən, misilsiz xidmətlərindən danışıblar, israilli siyasətçilərin, xüsusilə də Prezident Şimon Peresin onun haqqında xatirələrini diqqətə çatdırıblar.
Heydər Əliyevə həsr olunmuş və ivrit dilində çap olunmuş “Öndə gedən” kitabı “Azİz”in adından vitse-mer Mixail Barkana hədiyyə edilib.
Tədbir tanınmış mühazirəçi Lyudmila Savelyevanın “Millətin atası. Böyük siyasətçinin heyrətamiz həyatı” mövzusunda təqdimatı ilə davam edib. Zəngin video və fotomateriallarla müşayiət olunan mühazirə tədbir iştirakçılarında böyük maraq doğurub.