Logo

"Leyli və Məcnun" operasının tamaşası olub - FOTO

07.12.2023 20:18 122 baxış
IMG

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 115-ci teatr mövsümündə ilk dəfə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşası olub.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, əsaslı təmir və bərpa ilə əlaqədar olaraq Ş.Məmmədova adına Opera studiyasında keçirilən tamaşada ilk dəfə Məcnun rolunda teatrın gənc solisti Xəyal Hüseynov çıxış edib. X.Hüseynov Azərbaycan Milli Konservatoriyası tərkibində Bakı Musiqi Kollecinin məzunudur. Kollecdə Respublikanın Əməkdar artisti Təyyar Bayramovun ən istedadlı və ümidverən tələbələrindən biri olub.

Ötən mövsümdə "Leyli və Məcnun"da Şeyx rolunda səhnəyə çıxan gənc muğam ustası bir neçə aylıq gərgin məşqlərdən sonra nəhayət, Məcnun rolunun ifaçısı kimi səhnədə yer alıb. Tamaşada iştirak edən təcrübəli muğam ustaları və musiqi biliciləri Xəyalın ifasına çox yüksək qiymət verərək, onun debütünün uğurlu olduğunu bildiriblər.

Tamaşada Leyli partiyasını teatrın gənc, lakin artıq təcrübəli solisti Rəvanə Əmiraslanlı oynayıb.

Digər rollarda Əməkdar artist Təyyar Bayramov (İbn-Salam), solistlərdən Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası), Mirəli Sarızadə (Şeyx), Rəşad Həsənzadə (Nofəl), Nəzər Bəylərov çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Xəbər lenti