“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Arzu Tairquliyeva-Nağıyeva və Mehriban Rəsulova ilə növbəti görüşünü keçirib.
Müsabiqənin İşçi Qrupundan "Tehsil.biz"ə bildirilib ki, görüşdə idarəçilik məsələləri ilə bağlı tövsiyələr verilib, qarşılıqlı maraq doğuran fikir mübadiləsi aparılıb və növbəti bir ay üçün fəaliyyət proqramı planlaşdırılıb.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Mentorluq proqramı çərçivəsində ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Arzu Tairquliyeva-Nağıyeva və Mehriban Rəsulovanın mentorudur.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.