Logo

Dövlət İmtahan Mərkəzində şəhid övladları ilə görüş keçirilib - FOTO

07.12.2023 18:14 107 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.

Tehsil.biz DİM-ə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək verməkdir.

Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və Bakı-Abşeron-Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.

Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Peşə seçiminin psixoloji məqamları” mövzusunda təqdimat nümayiş etdirilib və tədbirdə iştirak edən şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib. Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə də 100-ə yaxın şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 1350 dərs vəsaiti çatdırılıb.

Görüşün rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu öndər Heydər Əliyevin ilk Prezident tədaüdçüləri ilə görüşləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib. Sədr həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və YAŞAT Fondu arasında imzalanan Memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib. M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində YAŞAT Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq respublikamızın əksər şəhər və rayonlarında görüşlər təşkil olunub və şəhid övladları və qazilərə ümumilikdə 4 mindən çox dərs vəsaiti hədiyyə edilib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlər haqqında danışıb.

Məlumat üçün bildiririk ki, bundan sonra da Dövlət İmtahan Mərkəzi tərəfindən analoji tədbirlərin təşkil olunması və bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.

Xəbər lenti