Logo

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

07.12.2023 17:15 135 baxış
IMG

Noyabrın 14-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 22 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 96 vakant vəzifə müsahibəyə çıxarılıb.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 210 namizədlə 210 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN müraciət” ilə iş sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd) vəzifəsi üzrə qeydə alınıb.

Müsahibələrin dekabrın 12-dən 2024-cü il fevralın 1-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti