Dekabrın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Azərbaycan elminin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin rolu” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətindən söz açıb. Dövrün tanınmış ictimai-siyasi xadimlərinin, elm adamlarının bu quruma üzv seçildiyini deyən G.Baxşəliyeva Cəmiyyətin respublikanın müxtəlif bölgələrində, habelə Moskvada və Leninqradda (indiki Sankt-Peterburq) şöbələrinin yaradıldığını bildirib. Cəmiyyətin Azərbaycan xalqının ədəbi irsi və folklorunun öyrənilməsi sahəsində böyük iş apardığını deyən akademik Rusiyadan dəvət edilən görkəmli alimlərin Bakıda mühazirə oxuduqlarını da qeyd edib.
Şərqşünaslıq İnstitutunun direktoru 1924-cü ildə Cəmiyyətin təşəbbüsü ilə Bakıda Azərbaycan Diyarşünaslarının I Qurultayının keçirildiyini bildirib, həmin tədbirdə Bakıda I Ümumittifaq Türkoloji Qurultayın təşkili kimi mühüm qərarın qəbul edildiyini, Cəmiyyətin sonrakı illərdə Elmlər Akademiyanın yaranması üçün zəmin yaratdığını və Azərbaycan elminin bugünkü səviyyəyə gəlib çatmasına töhfə verdiyini vurğulayıb.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü “Azərbaycan elminin inkişafında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin rolu” mövzusunda məruzə edib. Bildirilib ki, Cəmiyyətin Nizamnaməsində “Azərbaycanın və onunla həmhüdud ölkələrin tarixi, ədəbiyyatı, dili, etnoqrafiyası, folkloru və maddi-mədəniyyət abidələrini öyrənmək” xüsusi qeyd olunurdu. Bu məqsədlə konfranslar, qurultaylar, simpoziumlar keçirilir, dialektoloji, arxeoloji və folklor nümunələrinin toplanması məqsədilə ekspedisiyalar təşkil olunurdu.
Məruzəçi Cəmiyyətin fəaliyyət tarixində I Ölkəşünaslıq Qurultayının və I Türkoloji Qurultayın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.