Logo

MEK əməkdaşları Şəkidə keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər - FOTO

06.12.2023 21:25 175 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunun müdiri Röksanə Səfərova, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova və şöbənin baş mütəxəssisi Alidə Həsənova, Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Yerli qurum və institutların nümayəndələri ilə yanaşı, xarici ölkələrdən qonaqların da iştirak etdiyi konfransda məruzəçilər Azərbaycanda elmin yüksəlişinin məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu, təhsilə, elmə olan diqqət və qayğısının nəticəsində ölkəmizdə yüksək potensiala malik gənc kadrların yetişdiyini, bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Beynəlxalq elmi konfransda MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği” mövzulu geniş məruzəsində dünya şöhrətli siyasi lider Heydər Əliyevin özündən sonra zəngin irs qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın tərəqqisi, inkişafı, milli, mənəvi dəyərlərin öyrənilməsi və təbliği istiqamətində böyük işlər görmüş, həyatını xalqına həsr etmiş bu dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması hər bir kitabxananın qarşısında duran mühüm vəzifədir. “Heydər Əliyevin parlaq şəxsiyyəti, siyasi irsi gənc nəsil üçün bir məktəbdir. Bu məktəbdən, bu ümmandan hər kəsin bəhrələnməsi üçün Ulu Öndərin zəngin irsi tədqiqatçılar tərəfindən mütəmadi olaraq tədqiq edilib öyrənilməli, elm və mədəniyyət müəssisələri tərəfindən təbliğ olunmalıdır”, - deyə Səyyarə Məmmədova məruzəsində əlavə edib.

Elmi konfransdan sonra MEK əməkdaşları bir sıra görüşlər keçirib, həmçinin Heydər Əliyevin 100 illiyi çərçivəsində MEK tərəfindən ərsəyə gələn “Ulu Öndərin müdrik fikirləri” adlı audiodiski Şəki Regional Elmi Mərkəzinə hədiyyə ediblər.

Xəbər lenti