Fransanın Tur şəhərində 50 ölkənin qatıldığı Dil Festivalında Azərbaycan da təmsil olunub.
Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Fransanın Poitiers Universitetinin İKT üzrə müəllimi, Azərbaycan icmasının fəalı Eşqi Camalovun təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində doğma dilimizi, xalqımızın zəngin mədəni irsini, milli mətbəxini əks etdirən kitablar və nümunələr nümayiş etdirilib. Bu kitablar və ölkəmizin coğrafiyasını, milli geyimləri əks etdirən açıqcalar Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təqdim edilib.
Ziyarətçilərə Azərbaycan dili və mədəniyyəti barədə məlumatlar verilib, milli mətbəxin dadlı təamlarının resepti, milli bəzək nümunələri hədiyyə edilib. Naxçıvan motivli guşəmizdə Ordubad sucuğu ziyarətçilərin diqqətini cəlb edib, “Şərur (Köçəri) yallısı” böyük maraq doğurub. Ziyarətçilər və Tur şəhərində yaşayan soydaşlarımız böyük həvəslə Eşqi Camalovun nümayiş etdirdiyi “Şərur yallısı”na qoşulublar.
Xatırladaq ki, Tur Universitetində dilçilik üzrə doktoranturada təhsilini davam etdirdiyi dövrdən Eşqi Camalov bu festivalda fəal iştirak edir. Onun məqsədi Azərbaycan dili və mədəniyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, dilimizin xarici dil kimi universitetdə tədrisinə nail olmaqdır.