Logo

BMU-da Koreya Mədəniyyəti Günü keçirilib - FOTO

06.12.2023 18:22 171 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) Koreya Mədəniyyəti Günü keçirilib.

Tehsil.biz xəbər verir ki, BMU əməkdaşları, tələbələri və ölkəmizdə səfərdə olan Koreya Respublikası (Cənubi) İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələrinin iştirak etdiyi tədbirdə rektor Yaqub Piriyev çıxış edərək, bu qəbildən olan tədbirlərin münasibətlərin inkişafına böyük təkan verdiyini, həmçinin ölkələrin mədəniyyəti haqqında qarşılıqlı geniş təsəvvürün yarandığını bildirib.

Koreyanın hazırda iqtisadi cəhətdən dinamik inkişaf edən qabaqcıl ölkələr sırasında yer aldığını vurğulayan rektor, eyni zamanda qədim tarixi köklərə malik bu ölkənin maraqlı adət-ənənələrə, mədəniyyətə sahib olduğunu diqqətə çatdırıb. Koreyanın xüsusən informasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini deyən Yaqub Piriyev BMU ilə İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə birgə gerçəkləşdirilən ikili diplom proqramından (İDP) bəhs edib. Rektor proqramın tələbələrinə yaxşı oxumaqla yanaşı, bu ölkənin dili, mədəniyyəti ilə də yaxından tanış olmağı tövsiyə edib. Eyni zamanda, Azərbaycan mədəniyyətinin Koreyada daha yaxından tanıdılması sahəsində hazırda proqram çərçivəsində IV kurs üzrə təhsillərini İNHA Universitetində davam etdirən tələbələrin üzərinə müəyyən vəzifələrin düşdüyünü bildirib.

Sonra BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin, İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun dekanı Min Kyung Jin çıxış ediblər. Çıxışlarda uzaq məsafələrə baxmayaraq, Azərbaycan və Koreya mədəniyyətində çoxlu oxşarlıqların olduğu önə çəkilib və mədəni tədbirlərin təşkilinin ölkələr haqqında biliklərin qarşılıqlı tanıdılması və dolğun təsəvvürün formalaşması baxımından önəmli olduğu vurğulanıb. Bununla yanaşı, belə bir tədbirin təşkilinə görə BMU rəhbərliyinə təşəkkür ifadə olunub və bir ay əvvəl İNHA Universitetində Azərbaycan Mədəniyyəti Gününün qeyd olunduğu bildirilib.

Tədbir BMU-İNHA İDP tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.

Xəbər lenti