AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının 2023-cü il üzrə illik hesabatı dinlənilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının 3.1.3 bəndinə müvafiq olaraq yerinə yetirilmiş və başa çatdırılmışdır.
Sonra institutun elmi katibi, filologiya elmlər doktoru Aynel Məşədiyeva 2023-cü ildə görülən işlər barədə geniş hesabatla çıxış edib.
Aynel Məşədiyeva bildirib ki, il ərzində institut əməkdaşları 1 istiqamət, 14 problem, 20 mövzu, 100 iş üzərində tədqiqat aparıblar.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamlara əsasən institutda “Heydər Əliyevin dil siyasəti və Ana dilinin müasir problemləri”, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması göstərişinə əsasən “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçirilmişdir.
2023-cü il ərzində tətbiq olunmuş ən mühüm elmi nəticələr sırasına Nadir Məmmədlinin “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələblər və funksional”, Əbdürrəhim Ərdəbilli Şirvani “Məzhər-üt-türki” (tərtibçi Nadir Məmmədli) və Sayalı Sadıqovanın “Azərbaycan terminoqrafiyasının konseptual əsasları” kitabları daxildir.
İclasda, həmçinin institutda keçirilmiş sessiyalar, seminarlar, yubileylər, beynəlxalq görüşlər və yeni nəşrlər haqqında məlumatlar da diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını yüksək qiymətləndirib. Vurğulayıb ki, Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyilə bağlı institut əməkdaşlarının kitabları, məqalələri çap olunub. Dilçilik İnstitutunun ictimai, siyasi vəzifələri yaxşı yerinə yetirilib. Qərbi Azərbaycan toponimləri və dialektlərilə bağlı qiymətli işlər görülüb. Nizami Cəfərov vurğulayıb ki, türk dillərinin müqayisəli qrammatikası, lüğətlərinin yazılması da vacib məsələdir.
Tədbirdə professorlar Sayalı Sadıqova, Sevil Mehdiyeva, İsmayıl Kazımov, dosentlər Baba Məhərrəmli, Təranə Şükürlü, Elçin İsmayılov hesabatla bağlı fikirlərini bildiriblər.