Logo

Ədəbiyyat İnstitutunun illik elmi hesabatı təqdim olunub - FOTO

06.12.2023 15:41 159 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, öncə il ərzində nəşr edilmiş kitablardan ibarət sərgi ilə tanışlıq olub.

Elmi şuranı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib.

İclasda institutun əməkdaşları, filologiya elmləri doktorları, professorlar Məmməd Əliyev və Akif İmanlı 75, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Hicran Nəsibova 70 və Qəndab Əliyeva 60 illik yubileyləri münasibətilə fəxri fərmanlarla təltif ediliblər. Eyni zamanda, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Şamil Ayrım “Ədəbiyyat İnstitutunun fəxri dostu” diplomu ilə təltif olunub.

Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı 2023-cü il üzrə illik elmi hesabatı təqdim edib. Aygün Bağırlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. O, “Heydər Əliyev İli”ndə keçirilən tədbirlər və Ümummilli Lider Heydər Əliyevin 100 ilik yubileyi ilə əlaqədar nəşr olunmuş kitablar barədə iştirakçıları məlumatlandırıb. Həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar AMEA Rəyasət Heyəti və Ədəbiyyat İnstitutunun birgə keçirdiyi “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransı və digər tədbirləri qeyd edib.

Qeyd olunub ki, il ərzində institutda 2 istiqamət, 8 problem, 21 mövzu üzrə 162 elmi işdən 109-u tamamlanıb, 53 iş üzrə tədqiqat davam edir. İnstitutun uğurları sırasında 48 kitab və monoqrafiya, 7 tərtib, 8 dərslik, 10 bədii, 2 tərcümə, 4 jurnal və 1 konfrans materialı olmaqla 80 nəşri qeyd etmək olar. 152-si xaricdə olmaqla 1050 məqalə çap olunub.

İnstitutun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu” 2023-cü ildə: nəticələr və perspektivlər” mövzusunda çıxış edib. Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva şöbənin təyinatına uyğun məsələləri diqqətə çatdırıb.

Sonda çap və müsabiqə məsələləri müzakirə olunub.

Xəbər lenti