Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Career Hacks by ATMU alumni” layihəsinə yekun vurulub.
Bu barədə "Tehsil.biz"ə ATMU-dan məlumat verilib.
Bildirilib ki, universitetin Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə reallaşan layihədə ATMU-nun məzunları ilə işgüzar görüş, uğurlu karyera qurmaqda doğru və yanlış addımlara adekvat münasibət, əsas və qeyri-əsas məqamdan bəhrələnmək və s. əksini tapıb.
Layihənin yekun tədbirində ATMU-nun məzunu, Səyahət, Sağlamlıq və Turizm şirkətinin icraçı direktoru Tərlan Quliyev turizm ixtisasının üstünlükləri, imkanları, o cümlədən qarşıya çıxan çətinliklərə bağlı təcrübəsini bölüşüb, gənclərə “Amadeus” və “Galileo” proqramları üzrə kurslarda iştiraka dəstək olacağını bildirib.
ATMU tələbələri ilə görüşdən məmnunluğunu bildirən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli muzey sektorunda karyera qurmağın üstünlüklərindən danışıb. Fikir mübadiləsi şəraitində keçən təlimdə muzeyşünaslıq təcrübəsinə istinad edən S.Mirseyibli tələbələrə peşə fəaliyyəti ilə bağlı məsləhətlər verib.
Layihənin digər qonaqlarından Əfsanə İbadova-Məmmədova və Həvva İbrahimova isə qarşıya qoyulan hədəflərə çatmaqda nümunəvi tələbə olmaqla bərabər, müvafiq təlimlərdə iştirak etməyin və dil biliklərinin artırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, “Career Hacks by ATMU alumni” layihəsi çərçivəsində keçirilən təlimlərdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin əməkdaşları və üç fakültənin tələbələri iştirak ediblər.