Logo

Beynəlxalq mahnı müsabiqələrinin milli musiqi sənayesinə təsiri müzakirə olunub - FOTO

02.12.2023 18:28 171 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr-3 dekabr tarixlərində keçirilən “Yaradıcı həftə” davam edir. 

Tehsil.biz xəbər verir ki, dekabrın 1-də həftə çərçivəsində “Global Music Talks” adlı beynəlxalq musiqi müsabiqələri ilə bağlı müzakirələr təşkil olunub.

Bir sıra ölkələrin "Avroviziya" müsabiqəsi üzrə nümayəndəliklərinin təmsilçilərinin iştirakı ilə iki panel sessiyasında bu kimi müsabiqələrin milli musiqi sənayesinə təsiri mövzusunda müzakirələr aparılıb.

İlk panelin spikerləri Yunanıstandan musiqi şirkətinin rəhbəri İlias Kokotos və bəstəkar Dimitris Kontopulos , hollandiyalı bəstəkar Toni Kornelissen, televiziya prodüseri, “Avroviziya”da Norveç nümayəndə heyətinin rəhbəri Stiq Karlsen və Azərbaycandan bəstəkar, prodüser İsa Məlikov mövzu üzrə fikirlərini bölüşüblər. 

Stiq Karlsen əvvəlcə “Avroviziya” yarışmasına iştirakçıların cəlb edilməsi prosesi haqqında məlumat verib. Bildirib ki, bu müsabiqədə ilkin vaxtlarda ən tanınmış musiqiçilər iştirak edirdisə, son illərdə daha çox gənclər qatılır. Müsabiqədə uğur əldə etməyin əsas tərəflərindən biri də musiqi seçimində trendləri izləməkdir. 

İlias Kokotos müsabiqədə uğurun əldə edilməsinə qədər olan mərhələdən danışıb. Deyib ki, müsabiqədə ilk növbədə ifaçının seçimi, daha sonra mahnı və səhnənin tərtibatı əhəmiyyət kəsb edir. 

İkinci paneldə “Avroviziya” müsabiqəsində son trendlər, “top 5”ə daxil olacaq çıxışın sirri nədədir?” mövzusu müzakirə edilib. 

Çıxışlarda həmin yarışmada əldə olunan uğurlar, gələcək planlar və ümumiyyətlə bu kimi beynəlxalq musiqi müsabiqələrinin Azərbaycanın musiqi sənayesinə təsirindən danışılıb. Bildirilib ki, hazırda “Avroviziya” müsabiqəsi dünyanın ən populyar, sevilən musiqi yarışmasıdır. Başda turizm sektoru olmaqla, bir çox sahədə öz imkanlarını dünyaya tanıtmaq, təbliğ etmək istəyən ölkələr bu yarışmaya xüsusi diqqət yetirir. Lakin qalib olmaq üçün əsas məsələ 26 mahnı içində fərqlənmək, yaddaqalan hər hansı bir elementin olmasıdır. 
Holland bəstəkar Toni Kornelissen bildirdi ki, “Avroviziya – 2021”də Azərbaycan təmsilçisi Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” mahnısı böyük ruh gücünə malikdir. Mahnıda Azərbaycanın milli musiqi alətləri zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib. 

Bildirilib ki, bəzən müsabiqədə ilk beşliyə düşən mahnı və ifaçı qısa müddət sonra unudulur. Ancaq elə mahnılar da var ki, tezliklə populyarlıq qazanır. “Avroviziya” ölkələr arasında münasibətlərin yaxınlaşmasına da töhfə verə bilir.

Xəbər lenti