Logo

Almaniyada yaşayan azərbaycanlı bəstəkar beynəlxalq platformada növbəti uğur qazanıb - FOTO

30.11.2023 15:01 188 baxış
IMG

Almaniyanın Detmold şəhərində fəaliyyət göstərən Azərbaycan əsilli bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalovanın “Diabelli üçün vals” əsəri beynəlxalq mükafata layiq görülüb.

Tehsil.biz xəbər verir ki, Braunşvayq şəhərində “Diabelli Recomposed” Beynəlxalq bəstəkarlıq layihəsi çərçivəsində 22 ölkəni – Azərbaycan, Avstriya, Avstraliya, Belarus, Böyük Britaniya, Almaniya, İspaniya, İrlandiya, İtaliya, İran, İsrail, Kanada, Çin, Litva, Livan, Lüksemburq, Polşa, Rusiya, Rumıniya, ABŞ, Ukrayna, Fransa və İsveçrəni təmsil edən 53 bəstəkar qadın bir araya gəlib.

5 noyabr 2023-cü il tarixində ilk dəfə 10 pianoçu tərəfindən yalnız qadın bəstəkarların yaratdığı 53 əsərin dünya premyerası baş tutub. Bu əsərlərdən biri azərbaycanlı bəstəkarın “Diabelli üçün vals” əsəri olub. İstedadlı bəstəkarımızın kompozisiyası 53 əsər arasında ən yaxşı əsər kimi tanınıb və nəşr mükafatını qazanıb. Bu kompozisiya məşhur Furore-Verlag alman nəşriyyatı tərəfindən Antologiya kitabına salınan 50 əsərdən biridir.

Qeyd edək ki, Braunşveyq pianoçusu və musiqişünası Klaudiya Bigosun həyata keçirdiyi bu layihənin ideyası koronavirus pandemiyası dövründə yaranıb. Layihənin gerçəkləşdirilməsi üç il çəkib.

“Belə mühüm beynəlxalq layihədə Azərbaycandan yeganə bəstəkar kimi vətənimi təmsil etmək mənim üçün böyük şərəfdir. Məqsədim Azərbaycanı və ölkəmizin parlaq musiqi mədəniyyətini bütün dünyada ən yüksək səviyyədə layiqincə təmsil etməkdir”, - deyə Xədicə Zeynalova uğur sevincini bölüşüb.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Xədicə Zeynalova 2005-ci ildən Almaniyada yaşayır. Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı-bədii rəhbəri, “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi-bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvüdür. Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb.

Xəbər lenti